MƏDƏNİYYƏT
Bakıda film festivalı keçiriləcək
Bakı, 26 oktyabr, Ceyhun Alışlı, AZƏRTAC
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə film festivalı keçirəcək. Festival Şuranın maliyyə dəstəyi ilə hazırlanmış filmləri, QHT-lərin ölkəmizin milli maraqlarının ölkədə və beynəlxalq aləmdə təbliği, habelə mədəniyyətimizin və ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədilə təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Elməddin Behbud məlumat verib.
“Festivalda Şuranın dəstəyi ilə 2008-2016-cı illərdə ekranlaşdırılmış filmlər iştirak edə bilər. Festivalda iştirak etmək üçün QHT-lər filmin adını, mövzusunu, müddətini, onu hazırlayan təşkilatın adını, filmin qısa annotasiyasını və QHT-nin əlaqə vasitələrini qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. Festivalda iştirak edəcək filmlər noyabrın 3-dək DVD formatında təqdim edilməlidir. Noyabrın 10-da münsiflər heyəti tərəfindən filmlərin seleksiyası həyata keçiriləcək. Noyabrın 24-də isə festivalın qalibləri mükafatlandırılacaq”, - deyə E. Behbud deyib.