İDMAN


Bakıda futbol və biznes münasibətləri mövzusunda fikir mübadiləsi aparılıb

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Bakıda AFFA-nın və UEFA-nın təşkilatçılığı ilə “Futbol və biznes” sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, sammit üç bölmə iclasından ibarət olub.

“Futbolun makroiqtisadi təsiri” mövzusunda birinci paneldə çıxış edən AFFA-nın nümayəndəsi Tural Piriyev futbolun dünyada populyar idman növü olduğunu bildirib. O deyib ki, idmanın bu növünün dünyada kütləviliyi durmadan artır. Hazırda valideynlər övladlarının futbolla məşğul olmalarına çalışırlar. “Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa 40 min xarici azarkeşin gələcəyi gözlənilir. Bu, Azərbaycana həm iqtisadi, həm də turizm baxımından böyük xeyir gətirəcək. Final oyununa namizəd şəhərlər arasında Bakı, İstanbul və Sevilya yer almışdılar. Bakının final oyununa ev sahibliyi etməsində Azərbaycan dövlətinin bu mötəbər yarışa dəstək göstərməsi əsas amillərdən biri olub”, - deyə AFFA nümayəndəsi əlavə edib.

Bildirilib ki, futbol üzrə Topaz Premyer Liqasında çıxış edən klubların hesabatlarını təqdim etməsi təqdirəlayiq haldır. Oyunda azarkeşlərin az olması və yayım hüquqlarının olmaması sponsorların cəlb edilməsində çətinlik yaradır. Bu istiqamətdə müəyyən irəliləyişlər də əldə olunub. Bəzi klublarımız bazarda kifayət qədər çəkisi olan iri şirkətlərlə sponsorluq müqaviləsi imzalayıb. Düzdür, belə müqavilələrin sayı az olsa da, var. Ümid edirəm ki, belə sponsorluq müqavilələri daha çox olacaq.

Vergilər Nazirliyinin əməkdaşı Elçin Məmmədov qeyd edib ki, müasir dövrdə idman əyləncə statusunu itirib və həyatımızın əsas hissəsinə çevrilib. Dövlətlər idmana, xüsusilə də futbola böyük vəsait ayırırlar. On ildir ki, ölkəmizdə idmana qoyulan sərmayə və bu sahənin inkişafı istiqamətində atılan addımlar nəticəsində vergi güzəştləri tətbiq olunur.

“PWC Azerbaijan” şirkətinin idarəedici tərəfdaşı Mövlan Paşayev vurğulayıb ki, artıq futbola dünyada bir biznes kimi baxılır. Biznesdən danışırıqsa rəqabət mütləqdir və bu, dünya futbolunda da mövcuddur. Beynəlxalq arenada azarkeşlərə artıq potensial bazar kimi baxılır. Tanınmış futbolçuların liqalara keçməsi, güclü klubların formalaşdırılması ilk öncə ölkənin inkişafına müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyatın daha da böyüməsinə şərait yaradır.

Ölkəmizdə təşkil olunan Formula 1 yarışları ilə əlaqədar aparılan təhlillərin nəticəsindən danışan natiq bu sahədə əldə olunmuş nailiyyətlər barədə məlumat verib.

Sammitin “Futbol investisiyasından sosial fayda” mövzusunda ikinci iclasında UEFA-nın nümayəndəsi Aleksandr Kuçeryavıy UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək bunun böyük hadisə olduğunu bildirib. Qeyd edib ki, final oyunundan əvvəl irs yaradılmalıdır. Biznes və futbol haqqında sosial platformanın olması gözəl haldır. Çünki bu platformanın vasitəsilə fikirlərimizi bölüşür və müzakirələr aparırıq.

Azərbaycanda idmanın vergilərdən azad edilməsinin inkişaf strategiyasının bir hissəsi olduğunu vurğulayan A.Kuçeryavıy “UEFA Grow” modeli haqqında məlumat verib. O, milli assosiasiyaların biznesin inkişafına göstərdikləri dəstəkdən danışaraq deyib: “UEFA ilə AFFA arasında sıx və fəal əməkdaşlıq mövcuddur. AFFA bizim təklif etdiyimiz bilik və təcrübələrdən çox gözəl istifadə edir. Bu əməkdaşlıq sayəsində mühüm irəliləyişlər əldə olunur”.

“UEFA Grow” modelinin beynəlxalq futbolun inkişafındakı rolundan danışan UEFA-nın konsultantı Tim Krabbe bu modelin faydalarından söz açıb. Vurğulayıb ki, iqtisadiyyat, sosial və səhiyyə sahələrində modelin kifayət qədər uğurlu layihələri olub. Modeldə bu sahələrin futbolla birgə inkişafı nəzərdə tutulub. Bu model təkcə həmin üç istiqamətlə kifayətlənmir. Könüllülərin yarışlara cəlb olunması və onların dünyagörüşünün inkişaf etdirilməsi də xüsusi istiqamətlərdən biridir.

Uşaqlar, böyüklər, peşəkar və həvəskarların eyni şövqlə futbol oynadıqlarını diqqətə çatdıran UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin hazırda bəzi ölkələrdə uşaqların müxtəlif zorakılıq hallarına məruz qaldıqlarını bildirib. O deyib ki, bütün bunlara baxmayaraq, uşaqlar futboldan uzaq qalmırlar. Məsələn, Əfqanıstanda ictimai-siyasi vəziyyət gərgin olsa da, uşaqlar futbol oynamaqdan yorulmurlar. Bütün ölkələrdə uşaqların əyləncəsi üçün şərait yaradılmalıdır. Bu, hamımızın borcudur.

UNICEF ilə AFFA arasında müxtəlif mövzularda uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdıran E.Karvardin bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

“Futbol tərəfdaşlığının biznesə təsiri” mövzusunda üçüncü iclasda T.Piriyev, UEFA-nın kommersiya konsultantı Tom Liston və “Coca Cola” şirkətinin nümayəndəsi Ceyhun Tağıyev futbolda biznes əlaqələrinin genişləndirilməsi, sponsorların cəlb olunması, onlarla iş və əldə edilən gəlirlər barədə fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda sammit iştirakçıları arasında lotereya təşkil olunub. Məşhur futbolçu, Fransa milli komandasının sabiq yarımmüdafiəçisi Rober Piresin müəyyənləşdirdiyi qalibin hər biri Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı üçün iki bilet qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.