CƏMİYYƏT
Bakıda gənclər arasında gender bərabərliyinin təbliğinə dair layihə çərçivəsində ikigünlük təlimlərə start verilib
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) reallaşdırdığı “Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlərin təşkili” layihəsi çərçivəsində iyulun 6-da Gənclərin İnkişaf və Karyera Mərkəzində Bakıda və regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri üçün təlimlərə start verilib.
AZƏRTAC xəbər verir ki, təlimlərin məqsədi gənclər təşkilatlarının gender bərabərliyi mövzusunda məlumatlılığını artırmaq, bu sahədə onların fəallığına nail olmaq və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci məqsədinə daxil olan hədəfləri təbliğ etməkdir. Bu hədəflərə dünyada qadınlara qarşı ayrı-seçkiliyin, zorakılığın bütün formalarına son qoymaq, insan alverinin, erkən və məcburi nikahın aradan qaldırılması və s. problemlərə qarşı mübarizə aparmaq daxildir.
GTMŞ-in sədri Məryəm Məcidova çıxış edərək #bərabərimkanlar həştəqi ilə reallaşdırılan layihənin məqsədi və nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişə nail olunsa da, dünyada qadınlar, o cümlədən qızlar hələ də ayrı-seçkilik və zorakılıq halları ilə üzləşirlər. Bütün bunlar gender bərabərliyinin dünyanın bütün bölgələrində təmin olunmasını şərtləndirir. Gender bərabərliyi tarixən bəşəriyyətin diqqət mərkəzində olan aktual problemlərdən biridir.
Layihə barədə məlumat verən M.Məcidova respublikamızın bütün bölgələrində fəaliyyət göstərən gənclər təşkilatlarının və Gənclər evlərinin fəal təmsilçilərinin təlimlərə qatıldıqlarını vurğulayıb.
Təlimlər Avropa Şurasının təlimçilər bazasının üzvü Pərvanə Məmmədovanın “Gender bərabərliyi anlayışına giriş” və “İnsan hüquqları kontekstində gender bərabərliyinin rolu” sessiyaları ilə başlayıb.
Layihə çərçivəsində “Gender bərabərliyinin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda təşkil olunan müzakirə sessiyasında çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev gender bərabərliyinin təbliğində gənclər təşkilatlarının rolunu yüksək qiymətləndirib. Nazir müavini vurğulayıb ki, Azərbaycan dövləti gənclər siyasəti çərçivəsində gender bərabərliyi məsələsini də daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə gənclərlə bağlı bu günə qədər qəbul olunan Dövlət proqramlarında gender bərabərliyi ilə bağlı müvafiq bəndlər əksini tapıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, gender bərabərliyinin təmin olunması sahəsində gənclərin məlumatlılığının artırılması və eləcə də bu sahədə müsbət təcrübələrin öyrənilməsi baxımından belə təlimlərin keçirilməsinin əhəmiyyəti böyükdür. A.Sofiyeva gender bərabərliyinin təmin edilməsinin Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Elnur Bağırlı çıxışlarında gənclərin gender bərabərliyi məsələləri ilə bağlı maarifləndirilməsi baxımından təlimin önəmini vurğulayıblar.
Tədbirdə gənclərin fəal iştirakı ilə mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Bundan başqa, gənclərin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı layihə təklifləri müzakirə edilib.
İyulun 7-də - təlimlərin ikinci günündə gənclər “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında gender həssas və gender spesifik indikatorların təbliği” mövzusunda məlumatlandırılacaqlar. Təlim P.Məmmədovanın “Gender bərabərliyini diqqət mərkəzində saxlamaqla layihələrin hazırlanmasında düzgün hədəflərin seçilməsi” adlı təqdimat da nümayiş olunacaq.
Qeyd edək ki, GTMŞ bu layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırır.