İDMAN


Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının ilk günü maraqlı məqamlarla yadda qalıb

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarının birinci gününə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirin ilk günündə kişilər sərbəst hərəkətlər, paralel qollar, halqalarda, qadınlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə yarışların təsnifat mərhələsində güclərini sınayıblar.

Azərbaycan gimnastı Marina Nekrasova dayaqla tullanma yarışlarında 13,966 xal toplayaraq təsnifat mərhələsində yeddinci olub. Bu nəticə ilə o, turnirin həlledici mərhələsinə adlayıb.

Millimizin üzvü Murad Ağarzayev sərbəst hərəkətlərdə 14,066 xalla ümumi sıralamada yeddinci pillədə qərarlaşıb. Bu göstərici idmançımızın finala adlaması üçün yetərli olub. Halqalarda çıxış edən digər təmsilçimiz Nikita Simonov da həlledici mərhələdə mübarizə aparacaq. O, 14,433 xalla ümumi sıralamada səkkizinci yeri tutaraq dünya kubokunun medalları uğrunda yarışacaq.

Bu turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakteri daşıyan bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar.

Dördgünlük yarışların ilk iki günündə təsnifat, sonrakı iki gündə final mərhələləri keçiriləcək.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara Azərbaycan Gimnastika Federasiyasının ənənəvi kuboku - “AGF Trophy” təqdim olunacaq.

Mötəbər turnirə martın 17-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.