İDMAN
Bakıda idmanın boccia növü üzrə “SENİ CUP” turniri keçirilib
Bakı, 6 dekabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Dekabrın 6-da Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və “Əlil İdmançılara Dəstək” İctimai Birliyi idmanın ölkəmizdə yeni yaranmış boccia növü üzrə ilk dəfə olaraq “SENİ CUP” turniri keçirib.
AZƏRTAC xəbər verir ki, “ABU Arena” idman kompleksində keçirilən turnirin əsas məqsədi əlil insanların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olmalarının təbliğidir.
“SENİ CUP” turnirində BC1/BC2 və BC4 kateqoriyalarında Bakıdan, Şəkidən və Ağsudan, ümumilikdə 22 idmançı iştirak edib. Onlardan üçü beynəlxalq təcrübədə ilk dəfə Azərbaycanda yaradılmış Uşaq Paralimpiya Komitəsinin idmançısıdır.
Turnirin açılış mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov, Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti, 2016-cı il Rio-de-Janeyro Olimpiya və Paralimpiya oyunlarının Təşkilat Komitəsinin inteqrasiya üzrə komitəsinin sədri Endrü Parsons, Gənclər və İdman Nazirliyinin, bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Təntənəli açılışdan sonra turnirin yarımfinal və final yarışları keçirilib.
“SENİ CUP” turnirinin yekunlarına görə İntiqam Səfərov BC1/BC2 kateqoriyasında birinci yerə çıxıb.
BC4 kateqoriyasında isə qalib Çimnaz Abdullayeva olub.
Qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.
İdmanın bu növü 1984-cü ildən Paralimpiya Oyunlarının proqramına daxil edilib və sürətlə inkişaf edir. İyirmi il ərzində populyarlıq qazanan boccia üzrə hazırda 50 ölkədə yarışlar keçirilir. İdmanın bu növündə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar yarışa bilərlər.
Boccia Milli Paralimpiya Komitəsinin və İctimai Birliyin təşəbbüsü ilə artıq səkkiz aydır Azərbaycanda təbliğ olunur. Bu müddətdə respublikada dörd təlim mərkəzi yaradılıb.
Milli Paralimpiya Komitəsi yaxın günlərdə Beynəlxalq Boccia Federasiyasına üzv olub. İdmançılarımız gələn ildən etibarən boccia üzrə beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.