İQTİSADİYYAT
Bakıda keçiriləcək Rəqəmsal Ticarət Qovşağı III beynəlxalq konfransında Estoniyanın təcrübəsinə geniş yer veriləcək
Tallin, 2 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, oktyabrın 9-da Bakıda keçiriləcək “Rəqəmsal ticarət forumu: İpək Yolunun rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfransda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, tarixi İpək Yolu üzərində yerləşən ölkələrdə rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də elektron hökumət məsələlərinə həsr olunacaq konfransda Estoniyanın rəqəmsal aləm sahəsində təcrübəsi, inkişaf istiqamətləri və gələcək planlarına da ciddi yer veriləcək. Belə ki, Estoniya rəqəmsal sahənin inkişafına görə dünyada yeddinci sıradadır.
Konfrans çərçivəsində dövlət və özəl qurumlar arasında tərəfdaşlıq sazişinin mobil imzadan istifadə edilərək imzalanacağı gözlənilir.
Rəqəmsal Ticarət Qovşağı dünyada yerli sahibkarlar üçün rəqəmsal həllər və qeyri-rezidentlər üçün elektron xidmətlər təklif edən yeganə platformadır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin