CƏMİYYƏT
Bakıda köşklər və iaşə obyektləri qaydaya salınır
Bakı, 11 iyul, AZƏRTAC
Paytaxtımız Bakı şəhərinin daha da gözəlləşməsi, buradakı parklar, bağlar, istirahət yerlərində sakinlərimiz və şəhərimizin çoxsaylı qonaqları üçün lazımi şəraitin yaradılması, şəhərin estetik gözəlliyinin artırılması və mövcud olan ictimai iaşə obyektləri, köşklər, ticarət və digər mərkəzlərdə lazımi səliqə-sahmanın yaradılması, ərazidə sanitar-gigiyenik normalara riayət olunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən müvafiq işlər həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən rayonların ərazilərində yerləşən köşklər, ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılıb, obyektlərin ətrafı dezinfeksiya olunub. Obyektlərin estetik cəhətdən yenilənməsi, müasirləşdirilməsi, sakinlərimizin zövqünü oxşaması üçün tədbirlər görülür.
Eyni zamanda, paytaxtdakı yaşıllıqların qorunması, onlara xidmət göstərilməsi məqsədilə Bakı şəhərinin rayonlarında mütəmadi olaraq iməciliklər keçirilir, əkilən ağac, kol və güllərə qulluq göstərilir, yol kənarları quru otlardan təmizlənir, yeni-yeni yaşıllıq zonaları yaradılır. Bu istiqamətdə aparılan işlər davam etdirilir.