CƏMİYYƏT
Bakıda min manata tapança satmaq istəyən şəxs cinayət məsuliyyətinə cəlb olunub VİDEO
Bakı, 26 fevral, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron rayon sakini olan Xəyyam Əbdülhüseynovun üzərində qanunsuz odlu silah-sursat gəzdirməsi və satmaq istəməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Binəqədi rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən “Naqan” markalı tapança aşkarlanaraq götürülüb. X.Əbdülhüseynov silahın ona məxsus olduğunu və 1000 manata satmaq istəyən zaman saxlanıldığını bildirib.
Qeyd edək ki, X.Əbdülhüseynov odlu silahı satmağa gedərkən tanınmamaq üçün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanında dəyişiklik etdiyi də müəyyənləşdirilib.
Faktla bağlı 6-cı polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.