CƏMİYYƏT
Bakıda polis əməkdaşları yeni ailə quran gənclərin dəm qazından zəhərlənməsinin qarşısını alıblar
Bakı, 4 dekabr, AZƏRTAC
Bakının Suraxanı rayonunda polis əməkdaşlarının ayıq-sayıqlığı, xidməti vəzifəsinə vicdanla və məsuliyyətlə yanaşması sayəsində gənc ailənin üzvləri ölümdən qurtarılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 2-də Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsinə Yeni Günəşli qəsəbəsi, V yaşayış massivindəki 16 nömrəli evdəki 33-cü mənzildən qonşu mərtəbədə yerləşən mənzilə su axması və içəridən xırıltı səslərinin gəlməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yollanan bölmənin sahə inspektoru, polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili polis leytenantı Pünhan Mehdiyev vəziyyətə operativ qiymət verərək evdə olan şəxslərin dəm qazından zəhərləndiyini müəyyənləşdiriblər. Bundan sonra polislər qonşuların iştirakı ilə ikinci mərtəbədəki mənzilin eyvanındakı pəncərəni qıraraq içəri daxil olublar.
Bu zaman polislər mənzildə Toğrul Hidayətzadə və onun həyat yoldaşı Ayselin halsız vəziyyətdə olduqlarını aşkarlayaraq onlara ilkin tibbi yardım göstəriblər. Təcili tibbi yardım gələnədək polis kapitanı N.Əzizov dəm qazından zəhərlənən şəxslərə süni nəfəs verərək onları həyata qaytarmağa nail olub.
Sonra hər iki şəxs 1 saylı Şəhər Kliniki Xəstəxanasının toksikologiya şöbəsinə yerləşdirilib.
Artıq dəm qazından zəhərlənən şəxslərin həyatına heç bir təhlükə yoxdur və onlar özlərini normal hiss edirlər. Toğrul Hidayətzadə onun və həyat yoldaşının həyatını xilas edən, ailələrində baş verə biləcək faciənin qarşısını alan polis əməkdaşlarına təşəkkürünü bildirib.
Dəm qazından zəhərlənən şəxsləri xilas edən əməkdaşlardan biri, polis kapitanı N.Əzizov “Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi”nə həsr olunmuş “Ən yaxşı polis sahə inspektoru” nominasiyasında keçirilmiş müsabiqədə ikinci yeri tutub və nazirliyin rəhbərliyi tərəfindən xüsusi diplomla təltif edilib.