MƏDƏNİYYƏT
Bakıda rumıniyalı heykəltəraşın əsərlərinin fotosərgisi açılıb
Bakı, 3 aprel, Ceyhun Alışlı, AZƏRTAC
Aprelin 3-də Azərbaycan Fransız İnstitutunda dünya şöhrətli rumın heykəltəraşı Konstantin Brankuzinin əsərlərinin fotolarından ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Frankofoniya həftələri çərçivəsində təşkil olunan sərgi Fransanın ölkəmizdəki səfirliyi və Azərbaycan Fransız İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku çıxış edərək K.Brankuzi haqqında ətraflı məlumat verib.
Bildirilib ki, dövrünün ən görkəmli heykəltəraşlarında olan Konstantin Brankuzinin əsərləri dünyada məşhurdur. Onun sənət inciləri ən çox XX əsrdə baş vermiş inqilabi mövzulara həsr olunub.
Diplomat qeyd edib ki, karyerasına Rumıniyada başlayan sənətkar ömrünün qalan hissəsini Fransada keçirib, orada müasir mövzulu çoxlu əsələr yaradıb.
Fransanın ölkəmizdəki səfiri xanım Aureliya Buşez sərginin əhəmiyyətindən danışıb. Frankofoniya həftələri çərçivəsində təşkil olunan belə sərgilərin ölkələr arasındakı mədəni əlaqələrin inkişafına xüsusi töhfə verəcəyini deyən diplomat hər kəsə təşəkkürünü bildirib.
Sonra qonaqlar aprelin 9-dək davam edəcək sərgi ilə tanış olublar.