CƏMİYYƏT
Bakıda və Abşeron yarımadasında müşahidə olunan duman meteoroloji şəraitlə əlaqədardır
Bakı, 4 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Milli Monitorinq departamentlərindən alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında uzun müddət davam edən qızmar isti hava şəraiti, eyni zamanda, gecə və səhər saatlarında müşahidə edilən normadan yüksək nisbi rütubət havanın durğun keçməsinə səbəb olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 3-dən 4-nə keçən gecə atmosferin Yer səthinə yaxın olan qatında inversiya müşahidə olunub. Bununla yanaşı “Vaisala” avtomatik hava keyfiyyəti ötürücüsündən əldə edilən monitorinq nəticələrinə əsasən, iyulun 4-də gecə saatlarında havada dispers tozun miqdarı norma daxilində tərəddüd edib. Nəticədə, Bakıda və Abşeron yarımadasında meteoroloji şəraitlə əlaqədar olaraq duman müşahidə edilib.
Meteoroloji parametrlərdən olan nisbi rütubət isə gecə saat 02:25-dən 05:55-ə qədər 77,8-94,1 faiz intervalında dəyişib (normadan xeyli yüksək). Havanın temperaturunun səhər saatlarından başlayaraq artması ilə əlaqədar nisbi rütubət azalaraq saat 9:25-də 47,3 faiz olub. Bu göstərici isə norma hesab edilir.