SİYASƏT


Bakıdakı Rus Evində Müstəqil Dövlətlər Birliyinin 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Bakıdakı Rus Evində Müstəqil Dövlətlər Birliyinin (MDB) 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada “Azərbaycan ilə Rusiya arasında MDB çərçivəsində inteqrasiya əməkdaşlığının inkişafı” mövzusu ətrafında müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan-Rusiya Xalqlar Dostluğu Klubu təşkilatçılığı ilə baş tutub.

Ekspertlərin iştirakı ilə keçirilən dəyirmi masada Milli Məclisin deputatı Ramin Məmmədov MDB-nin 30 il ərzində böyük inkişaf yolu keçdiyini, quruma üzv dövlətlərin bir çox sahələrdə nadir təcrübə mübadiləsi apardıqlarını diqqətə çatdırıb. Deputat 1993-cü ildən Müstəqil Dövlətlər Birliyinə qoşulan Azərbaycanın digər üzv ölkələrlə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib.

"Azərbaycan Vətən müharibəsində Zəfərindən sonra bölgədə yeni reallıq yaradıb. Bu da təbii olaraq Azərbaycanın MDB ölkələri ilə əlaqələrin yeni formatının yaradılması zərurətini meydana çıxarıb. Bölgədə yaranan yeni reallıq ərazi bütövlüyünün toxunulmazlığı qorunmaq şərti ilə qarşılıqlı əlaqələrin genişləndirilməsini və yeni mərhələyə çıxarılmasını labüd edir”, - deyə R.Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırkı şəraitdə MDB qarşısında duran əsas vəzifə üzv dövlətlər arasında əlaqələrin keyfiyyətcə daha yüksək mərhələyə qaldırılmasıdır.

Rus dilinin ölkələrimiz arasında ümumi ünsiyyət vasitəsi kimi əhəmiyyətindən danışan deputat Azərbaycanda bu dilin kifayət qədər inkişaf etdiyini və orta məktəblərdə tədris olunduğunu diqqətə çatdırıb. O, bu xüsusda Bakı Slavyan Universitetinin (BSU) fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycan ilə Rusiya arasında nəqliyyat əlaqələrindən bəhs edən R.Məmmədov deyib: "Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, nəqliyyat və kommunikasiya sahəsində əlaqələr də çox genişdir. Vahid nəqliyyat habının yaradılması vacibdir. Azərbaycan nəqliyyat və kommunikasiyaların açılması üçün təşəbbüs göstərir və bu istiqamətdə ciddi işlər görür", - deyə deputat qeyd edib.

Bildirilib ki, Zəngəzur dəhlizinin açılması bölgədə sülhün və təhlükəsizliyin təminatına töhfə verməklə yanaşı, region ölkələrinin iqtisadi inkişafına da təkan verəcək.

Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina MDB-yə üzv ölkələri bir-birinə tarixi köklər bağladığını bildirib. MDB çərçivəsində Azərbaycan-Rusiya əlaqələrinin sürətli inkişafından danışan A.Lavrina son 30 ildə mühüm hadisələrin və dəyişikliklərin baş verdiyini diqqətə çatdıraraq deyib: “COVID-19 pandemiyası bizə çox şeyləri anlatdı. Xəstəlik bizə imkan verdi düşünək ki, çətin anda bir yerdə olmaq, səyləri birləşdirmək çox mühümdür. Pandemiya ilə mübarizədə Rusiya Azərbaycana vaksin yardımı etdi. Azərbaycan da öz növbəsində koronavirusla mübarizədə etibarlı tərəfdaş olduğunu təsdiqlədi.

Azərbaycan Ermənistanla 30 ilə yaxın münaqişə dövründə də, Zəfərindən sonra da həmişə özünü MDB-nin layiqli üzv kimi aparıb və ölkələrimiz arasındakı əlaqələrin dərinləşdirilməsi istiqamətində siyasət yürüdür".

"Münaqişənin başa çatması ilə regionda yaranan geosiyasi reallıq nəqliyyat və kommunikasiyalarının açılmasını labüd edir”,- deyən Rus İcmasının sədr müavini Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb. O, 3+3 formatının nəinki Azərbaycan, həmçinin qonşu ölkələr üçün vacib olduğunu qeyd edib. Azərbaycanın vaxtilə alternativ qaz dəhlizi layihəsini də uğurla həyata keçirdiyini diqqətə çatdıran A.Lavrina vurğulayıb: "Azərbaycan hər zaman bölgədə hər hansı layihənin ya təşəbbüskarı, ya da iştirakçısı kimi çıxış edib. Zəngəzur dəhlizi MDB ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi üçün çox əhəmiyyətlidir".

Tədbir müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.