SİYASƏT
Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir
Bakı, 15 sentyabr, AZƏRTAC
1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir, Qafqaz İslam Ordusunun şücaəti isə ən yüksək qiymətə layiqdir. Çünki Osmanlı dövlətinin Azərbaycan xalqına bu tarixi yardımı Birinci Dünya müharibəsində məğlub olan qardaş ölkənin ən çətin vaxtlarında gerçəkləşmişdi.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid versə də, qarşıya qoyduğu missiyanı uğurla başa çatdırmaqla, paytaxtımızı işğalçılardan təmizləyib, beləliklə də Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verib. “Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. “Böyük Ermənistan” xülyasına qapılan daşnaklar Bakıya göz diksələr də, bir millətin qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi”, - deyə deputat bildirib.
“1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, sovet hakimiyyəti illərində bu tarixi hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı: “Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət edilir. Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Aradan uzun illər keçməsinə baxmayaraq, Türkiyə ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmur, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanır. Bu mənada Azərbaycan gəncliyi, yeni nəsil qardaş ölkənin bu şücaəti barədə daha yaxşı məlumatlanmalı, geniş biliklər əldə etməlidir. Çünki qardaşlığın qələbə çaldığı bu əlamətdar gün xatırlandıqca Azərbaycan-Türkiyə qardaşlığı da yaşayacaq”.
Bu gün Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyanın izlədiyini bildirən Sədaqət Vəliyeva diqqətə çatdırıb: “Həyata keçirilən transmilli layihələr, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıq, qardaşlar kimi bir-birinə verilən dəstək iki ölkənin münasibətlərinin səviyyəsini göstərir. Azərbaycan və Türkiyə 102 il əvvəl olduğu kimi, bu gün də bir-birini dəstəkləyir. Son dəstəyi isə Prezident İlham Əliyevin Yunanıstan səfiri ilə görüşdə səsləndirdiyi fikirlərdən gördük. Həmin vaxt beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi”.