CƏMİYYƏT


Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbçilərin paytaxt küçələrində yürüşləri keçirilib

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Bakının mərkəzi küçələrində və meydanlarında “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən yürüşlərə iki istiqamətdən - Şəhidlər xiyabanından və 28 May küçəsindəki Səməd Vurğun bağından start verilib.

Əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirakı ilə Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub. Abidələr qarşısına əklil və gül dəstələri qoyularaq şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Yürüşlərdən əvvəl Türkiyənin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Sonra hərbi qulluqçular təyin olunan marşrutlar üzrə yürüşə başlayıblar. Şəhidlər xiyabanından başlayan birinci istiqamət üzrə yürüş metronun “İçərişəhər” stansiyası, İqtisadiyyat Universitetinin binası, Qoşa qala qapısı və Azneft dairəsini əhatə etməklə Bəhram Gur heykəlinin ətrafında yekunlaşıb. 28 May küçəsindəki Səməd Vurğun bağından start götürən ikinci istiqamət üzrə yürüşdə hərbi orkestr və şəxsi heyət Bülbül, Neftçilər prospektləri, Azadlıq meydanı marşrutu üzrə hərəkət ediblər.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə ümumilikdə üç qrup hərbi orkestrin müşayiəti ilə həmin istiqamətlərdə yürüş edib.

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu şiddətli döyüşlərdən sonra Bakı şəhərini daşnak-bolşevik hərbi birləşmələrindən azad edib. Xalqımız Azərbaycanı daşnak-bolşevik təcavüzündən xilas edən türk şəhidlərinin xatirəsini daim ehtiramla anır. Bu ehtiramın ən böyük nümunəsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıdakı Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.