CƏMİYYƏT
Bakının mərkəzində silahlı şəxs saxlanılıb VİDEO
Bakı, 11 fevral, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq, təkrar törədildikdə) 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə məhkum olunmuş paytaxt sakini Zaur Stumbin özünü şübhəli apardığı üçün polislər tərəfindən saxlanılıb.
Onun üzərində axtarış aparılan zaman atəşə yararlı “Naqan” markalı silah və həmin silaha məxsus 7,62 kalibrli 9 patron aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 9-cu Polis Bölməsində Z.Stumbinin barəsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.