İQTİSADİYYAT
“BakuBuild-2012” - Azərbaycan Beynəlxalq İnşaat Sərgisi dünyanın aparıcı şirkətlərini bir araya toplayır
Bakı, 16 oktyabr (AZƏRTAC). Oktyabrın 16-da “Trend” İnformasiya Agentliyində 18-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisinə (“BakuBuild-2012”) həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən İTE Qrup şirkətinin İcraçı direktoru Edvard Stroon bildirilmişdir ki, regionun inşaat sahəsində ən iri tədbiri olan “BakuBuild-2012” oktyabr ayının 17-dən 20-dək Bakı Sərgi Mərkəzində keçiriləcəkdir. Sərgidə dünyanın 31 ölkəsindən 455 şirkət iştirak edəcəkdir. Bu il sərgidə Almaniya, İran, İtaliya, Finlandiya, İspaniya və Portuqaliya öz milli pavilyonları ilə təmsil olunacaqlar. Yunanıstandan olan milli qrup sərgidə ilk dəfə olaraq çıxış edəcəkdir. Həmçinin Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Polşa, Belçika, Çin, Qazaxıstan, İsveçrə, Avstriya, Suriya və Çexiya kimi ölkələrin şirkətləri də öz qabaqcıl texnologiyalarını nümayiş etdirəcəklər.
Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev demişdir ki, bu gün Azərbaycanın inşaat sənayesi ən dinamik inkişaf edən sahələrdən biridir və belə bir sərginin ölkəmizdə keçirilməsi çox mühüm hadisədir. Sərginin uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura komitəsinə, Sahibkarlar (İşəgötürənlər) təşkilatları Milli Konfederasiyasına və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna təşəkkürünü bildirmişdir.
“BakuBuild-2012” sərgisinin layihə rəhbəri Samirə Teymurova demişdir ki, bu il sərgidə yeniliklərdən biri də “Daşınmaz əmlak” adlı yeni sektorun fəaliyyətə başlamasıdır. Bu sektorda Türkiyənin kurort regionlarında daşınmaz əmlak haqqında təkliflər təqdim olunacaqdır. Sərgidə taxta evlər, çilçıraqlar və işıqlandırma cihazları, yol tikintisi texnikasının bütün çeşidləri, tikinti materialları, liftlər, eskalatorlar, alətlər, kranlar, polad məmulatı, pəncərələr, qapılar və inşaat sahəsinin yenilikləri təqdim olunacaqdır.