REGİONLAR
“Bala canavar” ləqəbli Vətən müharibəsi şəhidi Musa Əsgərov
Gəncə, 16 iyun, Elcan Məmmədov, AZƏRTAC
İyunun 16-da Vətən müharibəsi şəhidi Musa Əsgərovun doğum günüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin “Bala canavar” ləqəbi ilə tanınmış cəsur əsgəri döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra 3 medalla təltif olunub.
Musa Rövşən oğlu Əsgərov 16 iyun 2000-ci ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. Orta təhsilini Gəncə şəhəri 12 nömrəli tam orta məktəbdə alıb. Hərbi xidmətdən sonra 2020-ci ilin yanvar ayından etibarən Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə kiçik gizir kimi xidmət etməyə başlayıb.
Müharibənin başladığı ilk gündən döyüş əməliyyatlarında iştirak edən 20 yaşlı snayperçi 100-dən çox düşmən əsgərini məhv edib. Ötən ilin oktyabrın 27-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin atası Rövşən Əsgərov AZƏRTAC-a müsahibəsində bildirib ki, Musa yoldaşlarının sevgisini və hörmətini o qədər qazanmışdı ki, XTQ-nin ən gənc üzvlərindən olduğuna görə ona “Bala canavar” ləqəbini qoymuşdular: “Döyüş yoldaşları onun haqqında söylədikləri, dəfələrlə yaralı yoldaşlarının həyatını xilas etməsi, qəhrəmanlıqları ilə qürur duyuram. Şəhid atası olmaq asan deyil, ancaq vətənini bu qədər sevmək və onun uğrunda gözünü qırpmadan ölümə getmək də asan deyil. Nə qədər ki, Azərbaycan var, xalqımız, dövlətimiz var, Musa kimi igidlərdə daim yaddaşlarda yaşayacaq”, - deyə R.Əsgərov bildirib.
Ailənin ən böyük övladı olan Musa Əsgərovun bir qardaş, bir bacısı var. Anası Hüsniyyə Əsgərova deyir ki, Musada vətən sevgisi, hərbçi olmaq istəyi məktəb vaxtlarından var idi.
“Musa hərbi xidmətə yollananda bizə dedi ki, hərbçi olub, vətənin keşiyində duracaq. Qətiyyətli idi, elə ona görə də istəyinə nail oldu. Müharibənin başladığı ilk gündən biz narahat olmayaq deyə, döyüş zonasından kənarda olduğunu dedi. Lakin sonradan döyüş yoldaşları bizə Musanın ən qızğın zonalarda dəfələrlə qəhrəmanlıqlar göstərdiyini, öz vəzifəsini ləyaqətlə yerinə yetirdiyini danışdılar. Şəhid anası kimi çox qürurluyam və övladımla fəxr edirəm”, - deyə şəhidin anası söyləyib.
Musa Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.