REGİONLAR
Balakən və Oğuzda buraxılış (qəbul) imtahanları 7 mərkəzdə aparılıb
Balakən-Oğuz, 25 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 25-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Balakən və Oğuz rayonlarında ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi növbəti buraxılış (qəbul) imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Balakən rayonunda 4, Oğuzda isə 3 mərkəz ayrılıb. Buraxılış (qəbul) imtahanları Balakən şəhərindəki 1 və 3 saylı tam orta, Texniki-humanitar təmayüllü lisey və Hənifə kənd tam orta, həmçinin Oğuz şəhərindəki 2, 3 saylı və Padar kənd tam orta məktəblərdə təşkil olunub.
DİM tərəfindən pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan binalarında əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, otaqlarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.
İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların hərarətləri məsafədən ölçən elektron termometrlə yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Regional bölmədən verilən məlumata görə, imtahanlarda Balakən rayonu üzrə 794, Oğuz rayonu üzrə isə 505 şagird iştirak edib. İmtahanların idarə olunmasına Balakən rayonunda 11 imtahan rəhbəri və 85 nəzarətçi-müəllim, Oğuz rayonunda isə 7 imtahan rəhbəri və 60 nəzarətçi-müəllim cəlb olunub.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində buraxılış (qəbul) imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.