REGİONLAR
Balakəndə tərəvəzin əkin sahəsi 223 hektar artırılıb
Balakən, 8 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda yazlıq bitkilərin əkini başa çatıb. Məhsul istehsalçıları cari təsərrüfat ilində 11 min 951 hektarda yazlıq bitkilər əkiblər. Dən üçün qarğıdalı, tərəvəz, kartof, soya və bostan bitkilərinin əkin sahəsi əvvəlki ilə nisbətən artırılıb. Ən çox artım tərəvəz əkinində qeydə alınıb. Belə ki, balakənli fermerlər bu il 2 min 280 hektar sahəyə tərəvəz əkiblər. Tərəvəzin əkin sahəsi ötən illə müqayisədə 223 hektar və ya 10,8 faiz artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsinin rəisi Fərhad Xəlilov məlumat verib.
O bildirib ki, rayonun fermerləri builki mövsümdə də qarğıdalı əkininə xüsusi maraq göstəriblər. Belə ki, cari ildə rayonda dən üçün qarğıdalının əkin sahəsi keçən illə müqayisədə 173 hektar artırılaraq 7 min 213 hektara çatdırılıb.
Hazırda təsərrüfatlarda bəzi növ bitkiçilik məhsullarının yığımı davam edir. Məhsul istehsalçıları indiyədək 1091 ton kartof, 10 min 530 ton tərəvəz məhsulları istehsal ediblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartof istehsalı 98 ton, tərəvəz istehsalı isə 1969 ton artıb.