REGİONLAR
Balakənin meyvə bağlarından indiyədək 15 min tondan çox məhsul yığılıb
Balakən, 6 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun meyvə bağlarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 15 min 772,3 ton məhsul tədarük olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 240,7 ton çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 13 min 237 hektardır. Bu bağların 10 min 544,1 hektarını fındıq bağları təşkil edir. İndiyədək bağlardan 6358 ton fındıq, 3611 ton armud, 2719 ton alma, 624 ton gavalı, 613 ton albalı, 354 ton şaftalı və digər meyvələr yığılıb. Xurma yığımına isə yaxın günlərdə başlanılacaq.
Cari ilin ötən dövründə rayon ərazisində 19 hektarda yeni meyvə bağları salınıb. Yeni salınan bağların 18 hektarına şaftalı, 1 hektarına isə gavalı ağacları əkilib.