REGİONLAR
Balakənli məktəbli və abituriyentlər düzgün ixtisas seçimi barədə maarifləndiriliblər
Balakən, 5 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə avqustun 5-də Balakən rayon Mədəniyyət Mərkəzində “İxtisas bələdçisi” adlı maarifləndirmə seminarı keçirilib. Tədbirdə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, abituriyentlər, onların valideynləri və müəllimlər iştirak ediblər.
Layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə karyera məsləhətçiləri tərəfindən iştirakçılara ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, sürətlə dəyişən müasir əmək bazarında yer tutmaq üçün peşə və ixtisas seçimi, xüsusilə artan tələbata uyğun seçim edilməsi ən vacib şərtlərdən biridir.
Ekspertlər tərəfindən tədbir iştirakçılarına hər bir ixtisas qrupu üzrə əmək bazarında aktual olan peşə və ixtisaslar barədə məlumat verilib, onların sualları cavablandırılıb.