İQTİSADİYYAT
Bank Ombudsmanı Almaniya Ombudsmanının təcrübəsini öyrənir
Bakı, 22 noyabr, AZƏRTAC
Bank Ombudsmanı İkram Kərimovun Berlin şəhərində fəaliyyət göstərən Əmanət Bankları Maliyyə Qrupunun Ombudsmanı Mixael Haussner ilə görüşündə Azərbaycanda yenicə yaradılmış Bank Ombudsmanı ilə almaniyalı qonaq arasında təcrübə və fikir mübadiləsi aparılıb.
AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, İ.Kərimov Azərbaycanda Bank Ombudsmanının yaranması, həyata keçirilmiş işlər, mübahisələrin əsas motivləri və onların həlli yolları, müraciətlərin statistikası, qurumun beynəlxalq əməkdaşlıqları haqqında məlumat verib. O, dünyada ilk Maliyyə Ombudsmanının 1992-ci ildə məhz Almaniyada yaradılmasının bu ölkənin təcrübəsinin digər ölkələr kimi bizə də prioritet olduğunu və bu təcrübədən istifadənin əhəmiyyətini vurğulayıb. Bu səbəbdən beynəlxalq təcrübənin, eləcə də Almaniya təcrübəsinin Azərbaycan üçün önəmli olduğunu qonaqların nəzərinə çatdırıb.
Almaniyalı Ombudmsman Mixael Haussner ilk dəfə Azərbaycana gəldiyini və Bakı şəhərinin gözəlliyinə, görülmüş işlərə, xalqımızın qonaqpərvərliyinə valeh olduğunu xüsusilə önə çəkib.
Qeyd edək ki, Bank Ombudsmanın yaradılması haqında qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağının 2017-ci il 3 fevral tarixli iclasında qəbul edilib. Hazırda Bank Ombudsmanı 25 bank və 2 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır. Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyannamənin imzalanması üzərində danışıqlar aparılır.