İQTİSADİYYAT
Bank sistemində çalışanların bilik və bacarıqları təkmilləşdirilir
Bakı, 21 oktyabr, AZƏRTAC
Bank sistemində çalışan mütəxəssislərin bilik və bacarıqları təkmilləşdirilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın maliyyə savadlılığının yüksəldilməsi prioritet hədəfinin icrası çərçivəsində Rusiyanın Maliyyə Texnologiyaları Mərkəzi Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə birgə tədbir keçirilib.
Bank sistemində çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirdə “Maliyyə Texnologiyaları Mərkəzi”nin ekspertləri tərəfindən “Zolotoya Korona” pulköçürmə sisteminin fəaliyyəti və əhatə dairəsi, pulköçürmə əməliyyatlarının aparılması prinsipləri, pulköçürmələri sahəsində risklər və onların idarəedilməsi, təqdim edilən məhsullar mövzusunda təqdimat keçirilib, iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi məqsədilə beynəlxalq maliyyə institutlarının və ödəniş ekosistemində təmsil olunan təşkilatların iştirakı ilə mütəmadi olaraq tədbirlərin keçirilməsini diqqət mərkəzində saxlayır.