İQTİSADİYYAT
Baramaçılıq və ipəkçilik sahəsində yeni dövlət standartı təsdiq edilib
Bakı, 3 avqust, AZƏRTAC
Baramaçılıq və ipəkçilik sahəsində beynəlxalq tələblərə uyğun keyfiyyət meyarlarının yaradılması məqsədilə AZS 897-2021 “Tut ipəkqurdunun yaş (diri) baraması” dövlət standartı təsdiqlənib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət standartı Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən təsdiq edilib. Yeni sənədin qüvvəyə minməsi ilə əlaqədar AZS 145-2005 “Tut ipəkqurdunun diri baramaları. Texniki şərtlər” dövlət standartı qüvvədən düşüb. Yeni standartın tətbiqi məhsulun keyfiyyətinin artırılmasına və rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə xidmət edəcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən standart “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə hazırlanıb.