CƏMİYYƏT


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları 120 kiloqram narkotik maddəni qanunsuz dövriyyədən çıxarıblar

Bakı, 12 may, AZƏRTAC

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilmiş silsilə əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin daha 57 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 120 kiloqram narkotik vasitə və psixotrop maddə, həmçinin 4360 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron və Binəqədi rayonlarında keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Pənah İsmayılov və Ramin Abuzərov saxlanılıblar.

Pənah İsmayılovun üzərindən və yaşadığı evdən 42 kiloqram, o cümlədən 30 kiloqram heroin, 9 kiloqram metamfetamin, 3 kiloqram marixuana, elektron tərəzilər və 1 ədəd narkotik vasitələrin satışına dair qeydlər apardığı dəftər, Ramin Abuzərovdan isə 8 kiloqram müxtəlif adda olan narkotik maddə aşkar edilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara və Salyan rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Fuad Əliyev, Emil Babayev, Bəxtiyar Əsədov, Fazil Baxşəliyev, eləcə də Elşən Əliyev, Rüstəm Əliyev və Sevinc Qasımova saxlanılıblar. Bu şəxslərdən, eləcə də evlərindən 56 kiloqram, o cümlədən 34 kiloqram heroin, 22 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 3300 ədəd metadon həbi aşkar olunub.

Araşdırma zamanı müəyyənləşdirilib ki, həmin doqquz nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitəni Azərbaycan ərazisində qəbul edərək satışını təşkil ediblər.

Paytaxtda, eləcə də cənub və qərb bölgələrində həyata keçirilən digər əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 48 nəfər saxlanılıb. Bu şəxslərdən 14 kiloqram heroin, kokain, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkarlanıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.