CƏMİYYƏT
Baş Prokurorluq: Dövlətə və təbiətə vurulmuş 2,7 milyon manat ziyan ödətdirilib
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində mühüm işlər görülür.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla belə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən aşkarlanan ekoloji qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı ən ciddi tədbirlər davam etdirilir.
Məlumat verildiyi kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinqi nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericilikdə yer alan qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, infrastruktur obyektlərinə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən olunub.
Qum-çınqıl yataqlarında hüquqi və fiziki şəxslərə məxsus 96 karxananın fəaliyyətində aşkarlanmış qanun pozuntuları ilə bağlı toplanmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə 8 cinayət işi başlanaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılır.
Həmin cinayət işlərinin materiallarından 6-sı ayrıca icraata götürülərək istintaqı tamamlanıb. Həmin işlər üzrə aparılmış istintaq zamanı sahibkarlar tərəfindən dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət olunmaması, müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələri, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin rəhbəri Manaf Şirinova, “Titanik-5” MMC-nin rəhbəri Şahin Məmmədova, “Azvirt” MMC-nin iş icraçısı vəzifəli şəxsi İbrahim Quliyevə, “Alyans” MMC-nin rəhbəri Nəriman Yəhyayevə, “Gülövşə” MMC-nin rəhbəri Mahir Allahverdiyevə və “Qara-Qum Holdinq” MMC-nin rəhbəri Yasif Ağayevə Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan edilib. Mahir Allahverdiyevin barəsində polisin nəzarəti altına vermə, təqsirləndirilən digər şəxslər barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bu cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində dövlətə və təbiətə 2,7 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 182 min manat məbləğində vergidən yayınma halları müəyyən edilib. İstintaq zamanı dəymiş ziyanın tam ödətdirilməsi təmin olunub və cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Hazırda bu sahədə istintaqı aparılan digər cinayət işləri üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.