SİYASƏT
Baş Prokurorluq: Düşmənin Ağcabədi şəhərinə raket zərbələri nəticəsində iki mülki şəxs, o cümlədən 5 yaşlı uşaq xəsarət alıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işğalçı ölkənin silahlı qüvvələrinin müdafiə olunmayan ərazilər, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla oktyabrın 5-də saat 16 radələrində Ağcabədi şəhərinə üç raket atıb. Raketlərdən biri partlamayıb. Qalan iki raketdən biri həyətyanı sahəyə düşərək evdə dağıntılara səbəb olub, digəri isə başqa bir evə düşüb.
Yaşadıqları evə raket düşməsi nəticəsində şəhər sakinləri 1994-cü il təvəllüdlü İbrahimov Elşən Mehdi oğlu və qardaşı qızı 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Eyni zamanda, evə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.