CƏMİYYƏT


Baş Prokurorluq dəm qazından zəhərlənməyə dair maarifləndirici videoçarx hazırlayıb

Bakı, 27 yanvar, AZƏRTAC

Baş Prokurorluğun mətbuat xidməti qış aylarında dəm qazından zəhərlənmə və ölüm hallarının sayının artmasını nəzərə alaraq, belə hadisələrin baş verməsinin qarşısının alınması məqsədilə maarifləndirici videoçarx hazırlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan videoçarxda əhalinin diqqətinə çatdırılıb ki, son illərdə dəm qazından zəhərlənmə və ölüm hallarının sayı kəskin artıb. Aparılmış araşdırmalara əsasən, belə halların artmasına səbəb vətəndaşların dəm qazı barədə məlumatsızlığı və qazdan istifadə qaydalarına laqeyd yanaşmalarıdır. Dəm qazı təmiz halda gözlə görünməyən, iysiz, dadsız, havadan yüngül, güclü zəhərləyici və öldürücü xassəyə malik qazdır.

Videoçarxda dəm qazından zəhərlənmə hallarına “pyatiminutka” deyilən elektrik suqızdırıcısının qapalı məkanda ev sahibi tərəfindən özbaşına quraşdırılması, evlərdə havatəmizləyici baca və boruların müxtəlif səbəblərdən tutulması, qızdırıcıların yerləşdiyi hamam otaqlarında oksigen axını dövriyyəsini təmin etmək üçün qapının alt hissəsində dəlik və yarıqların olmaması, qapı, pəncərə və nəfəsliklərin qapadılması, həmçinin “Azəriqaz” İB-nin əməkdaşlarına xəbər vermədən ev sahibi tərəfindən qazla işləyən cihazın quraşdırılması və qazdan istifadə qaydalarının kobud şəkildə pozulmasının səbəb olduğu bildirilib.

Maarifləndirici videoçarxda bu qaydalara əməl olunmasının vacibliyi barədə xəbərdarlıq edilib. Diqqətə çatdırılıb ki, dəm qazından zəhərlənmə və ya ölüm hadisələrinə səbəb olmuş vəzifəli şəxs cinayət qanunvericiliyinin tələblərinə əsasən məsuliyyətə cəlb oluna bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.