CƏMİYYƏT
Baş Prokurorluq erkən nikahla bağlı videomüraciət yayıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu erkən nikah halları ilə bağlı videomüraciət yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan videomüraciətdə görülmüş tədbirlərə baxmayaraq, ölkəmizdə qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsinin hələ də problem olaraq qalmaqda davam etdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ailə Məcəlləsinin 10-cu maddəsində qadınların nikaha girməsi üçün yaş həddi 18 olaraq müəyyən edilib. Yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır.
“Bu kimi neqativ halların artmaması, qarşısının alınması hər birimizin əlindədir.
Erkən nikah halları ilə üzləşdikdə dərhal 961 - Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin!”, - deyə videomüraciətdə qeyd olunub.