CƏMİYYƏT


Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2019-cu ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov 2019-cu ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişafın yüksək templərlə davam etdiyini, hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosialyönümlü proqramların uğurla həyata keçirildiyini, vətənimizin iqtisadi və müdafiə qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasətinin müsbət nəticələrini verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri təşkil edib. Cari ilin birinci yarısında ümumi daxili məhsulun istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz, iqtisadiyyatın qeyri-neft sektoruna yatırılan investisiyaların 5,1 faiz artması, valyuta ehtiyatlarının 9,7 faiz artaraq 49,1 milyard ABŞ dollarına çatması xüsusi vurğulanıb.

Qeyd olunub ki, 2019-cu ilin birinci yarımili ərzində dövlət tərəfindən sosialyönümlü siyasətin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülüb, dövlətimizin başçısı tərəfindən düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi nəticəsində imzalanmış fərman və sərəncamların icrası ilə 3 milyondan artıq vətəndaşın sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, minimum əmək haqqı iki dəfə artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Bu artım bir milyona yaxın insanı əhatə edib.

Eyni zamanda, ölkə əhalisinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə təxminən 850 min nəfəri əhatə edən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın əhəmiyyəti vurğulanıb, bu məqsədlər üçün dövlət büdcəsindən 682 milyon manat məbləğində vəsaitin ayrıldığı qeyd olunub.

Cari ilin birinci yarısında ölkəmizin, eyni zamanda, paytaxt Bakının mötəbər beynəlxalq iqtisadi və humanitar forumlara - VII Qlobal Bakı Forumuna, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, UNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyasına, dünya miqyaslı idman yarışlarına – Formula 1 Azərbaycan Qran-Prisinə, UEFA Avropa Liqasının final qarşılaşmasına ev sahibliyi etməsi respublikamızın beynəlxalq aləmdə yüksək imicə, tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olduğunu, eyni zamanda, ictimai asayişin mühafizəsi və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə yerinə yetirildiyini bir daha sübut edib.

Müşavirədə əldə olunan uğurların qazanılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü mötəbər işlər və həyata keçirdiyi layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.

Əməliyyat müşavirəsində xüsusi qeyd edilib ki, cari ilin birinci yarımili, eyni zamanda, ölkənin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi dövrü kimi yadda qalıb. Belə ki, 2019-cu il aprelin 3-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanmış Fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub.

Bildirilib ki, Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə müvafiq qanun layihələrinin hazırlanaraq üç ay müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim olunması, həmçinin məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi Baş Prokurorluğa tövsiyə olunub. Bununla əlaqədar Baş Prokurorluqda yaradılmış işçi qrupu tərəfindən Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanaraq Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyi ilə birgə yaradılmış işçi qrupuna təqdim edilib.

Eyni zamanda, müşavirədə cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Baş Prokurorluqda yaradılmış Müsabiqə Komissiyası tərəfindən Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına komplektləşdirilməsi üçün müsabiqənin keçirildiyi və həmin şöbənin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsinə uğurlu təyinatların aparıldığı qeyd edilib. Növbəti mərhələdə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların məhz bu prosedurlar əsasında vəzifəyə təyin edilmələrinin vacibliyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prokurorluğunun digər hüquq-mühafizə, ilk növbədə, daxili işlər, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli birgə fəaliyyətinin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət göstəriciləri hesabat dövründə də davam edib, prokurorluğun ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili istiqamətində fəaliyyəti daha da güclənib, kriminogen sabitliyə nail olunmaqla mənfi təzahürlərin qarşısı vaxtında alınıb.

Hesabat dövründə istintaq və əməliyyat-axtarış fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə cinayət hadisələrinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 690 vahid artım olmaqla, ümumilikdə qeydə alınmış 13 min 534 cinayətin 91,7 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Onların 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,5 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Əməliyyat-axtarış və istintaq fəaliyyəti sahəsində görülmüş birgə tədbirlər nəticəsində hesabat dövründə cinayətlərin açılması 82,4 faiz təşkil edib. Həmçinin daxili işlər orqanları ilə birgə keçirilmiş tədbirlər nəticəsində əvvəlki illərdən bağlı qalmış 163 cinayət açılıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, mülkiyyət əleyhinə olan cinayətlər, yol-nəqliyyat hadisələri, habelə qəzalarda xəsarət alanların sayında artım, istintaq zamanı dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsində isə azalma müşahidə olunub.

Müşavirədə 2019-cu ilin birinci yarımilində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, eyni zamanda, respublikada ictimai rezonansa səbəb olmuş cinayət hadisələri üzrə 70 şəxs barəsində istintaq olunmuş 32 cinayət işinin yekunlaşdırılaraq məhkəmələrə göndərildiyi xüsusi vurğulanıb. Belə ki, 2018-ci il iyulun 3-də radikal dini baxışlara malik Yunis Səfərov və digərləri tərəfindən Gəncədə törədilmiş terror aktı, qəsdən adam öldürməyə cəhd, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair faktlarla bağlı başlanmış cinayət işinin istintaqı peşəkarlıqla davam etdirilib. Ümumilikdə mütəşəkkil dəstənin 29 üzvünün Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib. Həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunub.

Bundan başqa, ötən il iyulun 10-da Gəncədə radikal diniyönümlü bir qrup şəxs tərəfindən zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilib. İş üzrə 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib. Onlardan bir nəfər axtarışda olduğu dövrdə polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Bir nəfər barəsində isə axtarış tədbirləri davam etdirilir. Ümumilikdə 2018-ci ilin noyabr ayından etibarən iş üzrə cinayəti törətdikdən sonra ölmüş təqsirləndirilən şəxs də daxil olmaqla 60 nəfər barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. Altı cinayət işi üzrə 44 şəxs barəsində ittiham hökmləri çıxarılaraq təqsirləndirilən şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilib, 16 nəfər barəsində 2 cinayət işi üzrə isə məhkəmə baxışı davam edir.

Qeyd edilib ki, cari il martın 26-da Bakıda yerləşən “Diqlas” ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğın hadisəsinin baş verməsi faktı üzrə başlanmış cinayət işi üzrə prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar və Vergilər nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq tədbirləri icra edilib. Binaya və sahibkarlara vurulmuş ziyanın həcminin, habelə cinayət təqibi ilə əlaqədar əhəmiyyət kəsb edən digər halların müəyyən olunması məqsədilə çoxsaylı ekspertizalar təyin edilib, yanğından maddi ziyan çəkmiş 400 nəfərdən artıq sahibkar istintaqa cəlb edilərək dindirilib. Həyata keçirilmiş istintaq tədbirləri ilə 129 sahibkara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilib.

Xüsusi vurğulanıb ki, baş vermiş hadisə ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılmaqla, ümumilikdə yanğından maddi zərər çəkmiş 371 sahibkara 2 milyon 155 min manat məbləğində dövlət tərəfindən kompensasiya ödənilib.

Bildirilib ki, korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdən biridir. Prezident İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına reallaşdırılan dövlətçilik siyasəti nəticəsində ötən dövrlərdə olduğu kimi, cari ilin birinci yarısında da korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilib. Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinin əhəmiyyəti qeyd olunub. Baş idarə tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa olunması, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpası məqsədilə vətəndaşlardan “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Hesabat dövründə mərkəzə 1986 müraciət daxil olub. Həmin müraciətlərin 9-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, eləcə də digər müraciətlər üzrə qanunvericiliyə müvafiq tədbirlərin görülməsi təmin edilib.

Diqqətə çatdırılıb ki, ilin birinci yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin məntiqi nəticəsi kimi, Azərbaycanın BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) və MONEYVAL Komitəsi, eləcə də digər beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilib. Cari il OECD tərəfindən Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Antikorrupsiya Fəaliyyət Planı çərçivəsində ölkəmizə ünvanlanmış tövsiyələrin böyük əksəriyyəti icra edilib və bu monitorinq mexanizmi çərçivəsində IV Monitorinq Raundu uğurla başa çatdırılıb. Bundan başqa, GRECO tərəfindən ölkəmizin IV raundunun dəyərləndirilməsi üzrə Uyğunluq Hesabatı qəbul olunub. Ünvanlanan 21 tövsiyədən 18-i uğurla icra edilib.

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 316 şəxs barəsində 187 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 45 milyon 568 min manat ziyandan istintaq müddətində 14 milyon 997 min manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın ödətdirilməsi məqsədilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Xüsusi vurğulanıb ki, vətəndaşları narahat edən məsələlərin həllinə diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Prezident İlham Əliyevin tələbləri rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbulların keçirilməsi qaydalarının pozulması kimi hallara yol verilməməsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan tələb olunub.

Əməliyyat müşavirəsində xüsusi qeyd edilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 3-ü vəzifədən azad edilib.

Hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 80 ştat vahidi üzrə prokurorluğa işə növbəti qəbulun şəffaf və ədalətli prosedurlar əsasında başa çatdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərin sıralarından ən layiqlilərinin seçilməsi barədə Baş Prokurorluğun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verən Baş prokuror Zakir Qaralov 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə nəticəsində işə qəbul edilməklə prokurorluğun kadr korpusunun 67 faizini təşkil edən 873 gənc mütəxəssisin müxtəlif vəzifələrdə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirib.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmiş, Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə Sumqayıt və Gəncə şəhərlərində, Şamaxı, Qəbələ, İmişli, Salyan və Lənkəran rayonlarında keçirilmiş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilib, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da gücləndirilməsi, tabe prokurorluqlarda xidməti, icra və əmək intizamının yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilib. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.

Müşavirədə 2019-cu ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə edib.

Müzakirələrdə çıxış edən Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Nemət Əvəzov “Elektron cinayət” proqramının tətbiqi ilə bağlı tapşırıqların icrası istiqamətində görülən işlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.

Müşavirəyə yekun vuran Zakir Qaralov Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər verib. Eyni zamanda, xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsi prinsipləri üzərində qurulmasının, müasir texnologiyaların tətbiqinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin zəruriliyi vurğulanıb.

Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanları bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.