İQTİSADİYYAT
Baş direktor: “Star” NEZ tezliklə “Petkim”i nafta ilə təmin edəcək

Bakı, 14 noyabr, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa etdiyi “Star” neft emalı zavodu (NEZ) yaxın vaxtlarda “Petkim” neft-kimya kompleksini nafta ilə təmin edəcək.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter deyib.
“Artıq məhsul istehsalına başlamışıq. Qısa zamanda “Petkim”ə ilk naftanı verəcəyik. Emal qurğularını mərhələli şəkildə istismara veririk. Zavod 2019-cu ildən etibarən tam gücə ilə işləyəcək”, - deyə o əlavə edib.
Baş direktor bildirib ki, zavod ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qazı (LPG), neft koksu və kükürd istehsal edəcək.
Qeyd edək ki, bu il oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi olub. “Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub.
NEZ Türkiyədə cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft-qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Növbəti mərhələdə zavoda əlavə 700 milyon dollar sərmayə yatırılacaq.
“Star” neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. NEZ-ə ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. SOCAR-ın ötən ay “Rosneft”lə imzaladığı Kontrakta görə isə bu ilin dekabr ayından etibarən bir il ərzində “Star” NEZ-ə 1 milyon ton Rusiya xam nefti təchiz olunacaq. SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb.
Türkiyənin ilk neft-kimya müəssisəsi “Petkim”in xam maddə tələbatının demək olar ki, hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman burada 1100 nəfərlik yeni iş yeri yaradılacaq. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək.
Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulmuşdu.