CƏMİYYƏT
Baş həkim: Yaşlı sakinlər hərtərəfli müayinə edildikdən sonra peyvənd olunurlar
Bakı, 10 fevral, AZƏRTAC
Artıq üç gündür ki, yaşı 65-dən yuxarı olan vətəndaşların yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiyası davam edir. Bakının Qaradağ rayonundakı 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında da peyvəndləmə tədbiri getdikcə daha geniş vüsət alır.
Xəstəxananın baş həkimi Elmira Rəfailovanın AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, tibb işçilərinin vaksinasiyası başa çatan kimi yaşlı sakinlərin həmin tədbirə cəlb olunması prosesi başlayıb: “Müəssisəmizdə çalışan 130 həkim və tibb işçisindən 80 nəfərinə Çinin “Sinovac” şirkətinin “CoronaVAC” vaksini vurulub. 23 nəfər ayrı-ayrı vaxtlarda COVID-19 xəstəliyini keçirdiyinə görə, qalan işçilərin bəzisi analıq məzuniyyətinə çıxdığı, bəzisi südvermə mərhələsində olduğu üçün onlara peyvənd vurulmayıb.
Həkim və tibb işçilərimiz peyvəndin üstünlükləri və faydası barədə əhali arasında məlumatlandırma işi aparırılar. Xəstəxanamızda 578 nəfər yaşı 65-dən yuxarı olan vətəndaşlar peyvənd olunacaq. Peyvənd vurdurmaq istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə randevu. az saytına SMS-lə müraciət etdikdən sonra vaxt təyin olunur, sistemə salınır, ambulator kartı götürülür və həkimin müayinə otağına yönəldilir. İlk iki gündə 14 sakin həmin prosedurdan keçib. Onlar xəstəxanaya daxil olan kimi dərhal temperaturları ölçülür, əllərinə dezinfeksiyaedici spirt məhlulu vurulur və bundan sonra xüsusi qeydiyyat otağına üz tuturlar. Adətən həmin yaş qrupuna aid insanlarda bir sıra xroniki xəstəliklər müşahidə olunur. Ona görə həkimlər həmin kateqoriyadan olanlara çox diqqətlə yanaşır və onları hərtərəfli müayinədən keçirirlər. Peyvənd olunduqdan sonra ikinci dozanın vurulma tarixi barədə də vətəndaşlara xəbərdarlıq edilir.
İlk günlər olduğuna görə, hələ müraciətlər o qədər də çox deyil. Yəqin ki, qarşıdakı günlərdə daha çox sakin peyvənd vurdurmaq üçün üz tutacaq. Peyvənd vurulandan sonra da sahə həkimləri onlara zəng edir, evlərinə baş çəkir, özlərini necə hiss etdikləri ilə maraqlanırlar. Nəticələr yaxşıdır, peyvənd olunanların heç birində yan təsirlər qeydə alınmayıb”.