CƏMİYYƏT
Baş infeksionist: COVID-19-dan sağalanların sayının yeni yoluxanların sayını xeyli üstələməsi müsbət dinamikadan xəbər verir
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycanda yeni növ koronavirusla (COVID-19) əlaqədar epidemioloji vəziyyəti birmənalı olaraq müsbət qiymətləndirirəm.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin instaqram hesabındakı çıxışı zamanı deyib.
O bildirib ki, hazırda ölkədə koronavirusa yoluxma sayında azalma müşahidə olunur: “Koronavirus infeksiyasından sağalanların sayı yeni yoluxanları xeyli üstələyib. Bu, özünü COVID-19-la mübarizəyə qoşulan xəstəxanaların yükünün azalmasında göstərir. Eyni zamanda, müsbət dinamikadan xəbər verir”.
Baş infeksionist, həmçinin tədris ilinin başlaması ilə əlaqədar təhsil müəssisələrinin fəaliyyətinin bərpasının epidemioloji vəziyyətə təsirindən danışıb: “Tədris prosesinin ənənəvi üsulla həyata keçirilməsi koronavirusa yoluxma hallarının artmasına səbəb olur. Valideynlər uşaqların şikayəti olduqda, yəni onların başı ağrısa, bədən temperaturu yüksəlsə, övladlarını məktəbə buraxmamalıdırlar. Nəzərə almaq lazımdır ki, hazırda xəstələrin əksəriyyəti virusun “delta” ştamı ilə yoluxanlardır. Həmin ştamın yüksək yoluxdurucu xüsusiyyəti olduğu üçün ailədaxili yoluxmalara səbəb olur. Yəni, ailənin bir üzvü yoluxduqda digərlərinin də yoluxmasına səbəb olur. Onu da qeyd edib ki, uşaqlar koronavirusu yüngül keçirir, onlarda ağırlaşma hallarına təsadüf hallarda rast gəlinir. Təəssüflər olsun ki, bəzi uşaqlarda yoluxmadan sonra müəyyən sindromlar da əmələ gəlir. Həmçinin yaşı 18-dən aşağı olan uşaqlar koronavirus əleyhinə peyvənd vurdurmadıqları üçün onların infeksiyaya yoluxma riski yüksəkdir. Ona görə də uşaqların virusa yoluxmaması üçün çalışmaq lazımdır”.