CƏMİYYƏT
Baş infeksionist vətəndaşları Qurban bayramı ilə əlaqədar diqqətli olmağa çağırıb
Bakı, 15 iyul, AZƏRTAC
Qurban bayramı ilə əlaqədar vətəndaşlar arasında artacaq təması nəzərə alaraq, kütləvi toplanış yerlərində tibbi maskadan istifadə etmək, sosial məsafəni qorumaq, ümumiyyətlə bütün gigiyena qaydalarına əməl etmək lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin instaqram hesabında “İmmunitet və peyvənd sertifikatı” mövzusundakı çıxışı zamanı deyib.
Baş infeksionist bildirib ki, hazırda ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə yoluxma sayı yüksək olmasa da, nəzərə almaq lazımdır ki, daha aqressiv və yoluxuculuğu yüksək olan “delta” ştamı Azərbaycanda da qeydə alınıb: “Ölkədə pandemiya ilə bağlı hazırkı tarazlığı uzunmüddətli qabaqlayıcı tədbirlər nəticəsində əldə etmək mümkün olub. Vətəndaşların könüllü olaraq vaksinasiyada iştirak etmələri səhiyyə orqanlarının pandemiya ilə mübarizəsini asanlaşdırır”.
T.Eyvazov vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi peyvəndlər COVID-19-un yeni ştamlarına qarşı effektivdir: “Sadəcə, vaksinlərin effektivliyi baxımından, ştamlar arasında müəyyən fərqlər ola bilər. Məsələn, hazırda istifadə edilən vaksinlərin “delta” ştamına qarşı təsiri əvvəlkilərlə müqayisədə bir qədər az ola bilər. Lakin istənilən halda, pandemiyadan qurtulmağın yeganə və ən effektiv yolu vaksinasiyadır. Vətəndaşları vaksinasiyada könüllü iştirak etməyə və bayram günlərində və ümumiyyətlə yay aylarında daha məsuliyyətli və diqqətli olmağa çağırıram”.