İDMAN
Baş məşqçi: Boksçularımız çalışacaqlar ki, həm Avropa Oyunlarının, həm də qitə birinciliyinin qalibi olsunlar
Kiyev, 21 iyun, AZƏRTAC
İkinci Avropa Oyunları bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çalışacağıq ki, ölkəmizin idman şərəfini layiqincə qoruyaq.
Bu fikri Azərbaycanın kişilərdən ibarət boks üzrə milli komandasının baş məşqçisi Vaqif Şirinov AZƏRTAC-a açıqlamasında deyib.
Baş məşqçi qeyd edib ki, amma yarış heç də asan keçməyəcək. Çünki bu gün start götürəcək boks yarışları Avropa çempionatı statusundadır. Ona görə də boksçularımız çalışacaqlar ki, həm Avropa Oyunlarının, həm də qitə birinciliyinin mükafatına sahib olub Azərbaycan bayrağını yüksəklərə qaldırsınlar.
Qeyd edək ki, iyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizəyə qoşulub. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunur. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar.
Oyunların birinci günündə mübarizəyə başlayan üç boksçumuzun rəqibləri Bolqarıstan idmançılarıdır. Mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq Tayfur Əliyev (56 kq) Boyan Asenov ilə qarşılaşacaq. Rahil Məmmədov (91 kq) Radoslav Panteleyev, Məhəmməd Abdullayev (+91 kq) isə Petar Belberov ilə görüşəcəklər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk