REGİONLAR
Basqalda arxeoloji tədqiqatlar davam etdirilir
İsmayıllı, 10 oktyabr, AZƏRTAC
Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası ötən ildən Basqalda başlanmış tədqiqatları davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədqiqatlar Azərbaycan Respublikası Prezidentinin “Basqal” Dövlət Tarix Mədəniyyət Qoruğu haqqında 3 oktyabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq Dövlət Turizm Agentliyinin sifarişi əsasında aparılır.
Məlum olduğu kimi, professor Qafar Cəbiyevin rəhbərliyi ilə ötən il başlanan tədqiqatlar zamanı Basqalın yaşayış məntəqəsi olaraq minillik tarixini əks etdirən çox qiymətli tikinti qalıqları və digər maddi-mədəniyyət nümunələri aşkara çıxarılmışdı. Hazırkı tədqiqatlar nəticəsində Şeyx Məhəmməd məscidinin ərazisinin tam olaraq öyrənilməsini başa çatdırmaq nəzərdə tutulur. Ekspedisiya heyəti, habelə Basqal qalası və Basqal "Düzən" qəbiristanlığı ərazisində də tədqiqatları planlaşdırır.