REGİONLAR
Batabatda keçirilən bayram tədbirində qadınların əl işlərindən ibarət sərgi-satış təşkil edilib
Şahbuz, 27 iyun, AZƏRTAC
İlin bütün fəsillərində bənzəri olmayan mənzərəsi və füsunkar təbiəti ilə yerli sakinləri və muxtar respublikaya gələn qonaqları özünə cəlb edən möhtəşəm təbiət abidəsi - Batabat yaylağı 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə təşkil olunan bayram tədbirinə ev sahibliyi edib.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bayram tədbirində komitə tərəfindən təşkil edilən səyyar sərgi-satış qonaqlar və turistlər tərəfindən maraqla qarşılanıb.
Burada toxuma, tikmə, dekorativ iş, təbii və yerli daşlardan bəzək əşyaları, gipsdən, duzdan əl işi, xalça, mis üzərində döymə, taxta üzərində yandırma, taxta üzərində oyma olmaqla, ümumilikdə, 38 qadının 1500-dən artıq əl işi sərgilənib, 15 qadının 141 adda əl işi satılıb.
Qeyd edək ki, Batabat yaylağında keçirilən bayram tədbiri Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.