İDMAN
“Bavariya” futbol klubu Karlo Ançelottini ictimaiyyətə təqdim edib
Bakı, 11 iyul, AZƏRTAC
Münhenin “Bavariya” futbol klubunun yeni baş məşqçisi Karlo Ançelotti ictimaiyyətə təqdim edilib.
AZƏRTAC Münhen klubunun rəsmi saytına istinadla xəbər verir ki, artıq italiyalı futbol mütəxəssisi mətbuat konfransı təşkil edib. Karlo Ançelotti bildirib ki, Almaniya çempionunun oyun üslubunda köklü dəyişiklik edilməyəcək, tam əksinə mükəmməlləşdiriləcək: “Qvardiola “Bavariya”da əla iş görüb. Komandada kordinal dəyişiklik etmək fikrim yoxdur. İstərdim, bu üslubu daha da inkişaf etdirim. Ötən mövsüm klub Bundesliqanı qazanıb. Hədəf növbəti mövsümü yaxşı keçirib, yeni kuboklar qazanmaqdır”.
Qeyd edək ki, Ançelottinin son iş yeri Madridin “Real” klubu olub. Çalışdırıcı “Kral” klubunda Çempionlar Liqası, UEFA Super Kuboku və İspaniya Kubokuna sahib çıxıb. O, daha çox uğura 2001-dən 2009-cu ilədək İtaliyanın “Milan” futbol klubunda baş məşqçi işləyən vaxtı yiyələnib. Onun rəhbərliyi altında “Milan” iki dəfə Çempionlar Liqası, İtaliya çempionluğunu, klublararası dünya birinciliyini, İtaliya Kuboku, Super Kuboku və eləcə də UEFA Super Kubokunun qalibi olub. İngiltərənin “Çelsi” və Fransanın PSJ komandalarını da çalışdıran mütəxəssis hər iki kollektiv ilə ölkə çempionluğunda uğur qazanıb.