CƏMİYYƏT
Bayıl yamacındakı sürüşmə 7 hektara yaxın ərazini əhatə edir
Bakı, 12 fevral, AZƏRTAC
Səbail rayonu ərazisində - Bayıl yamacında sürüşmə prosesi fevralın 10-u saat günorta saatlarında aktiv fazaya keçib. Əvvəlcə torpaq qatında eni 0,1-1, görünən dərinliyi 5-6, uzunluğu 60-70 metr olan çatlar qeydə alınmışdı. Hazırda həmin ərazidə eni 20-30 metr, vizual olaraq görünən dərinliyi 10-12 metr olan yarğan əmələ gəlib. Hələ tam dəqiqliklə ölçmə işləri aparmaq mümkün deyil.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Ekspedisiya rəisi bildirib ki, təxminən 200 metr uzunluğunda olan kütlə dərə istiqamətində yamacboyu hərəkət edib. Üzərində müxtəlif istiqamətli və ölçülü çatlar var. Hazırda həmin ərazidə tədqiqat aparmaq mümkünsüzdür, vəziyyət ciddidir. Tam gərginlik aradan qalxdıqdan sonra çatların sərhədləri, uzunluğu və digər parametrləri haqqında məlumat vermək mümkün olacaq.
“Ərazi hələ yanvarın ortalarında konturlaşdırılıb. Sürüşmənin təsir dairəsi 7 hektara yaxın ərazini əhatə edir. Hələ 14 il əvvəlki hesabatda da biz həmin ərazinin təhlükəli olduğunu xəritə üzərində coğrafi koordinatları ilə birgə göstərmişdik. Tövsiyə etmişdik ki, ərazi sürüşməyə meyilli olduğu üçün onu kəsmək, yükləmək olmaz. Daban hissədə yaşayış evləri tikilib. Baş verən proses bizim xəritədə göstərdiyimiz sərhədlər daxilində qeydə alınıb”, - deyə Ə.Qaralov qeyd edib.
O, həmçinin yamacın daban hissəsində Bayıl dərəsi istiqamətində 4 evin yararsız vəziyyətə düşdüyünü vurğulayıb. Bildirilib ki, ümumi təsir dairəsinə düşən evlərin sayı 106-ya bərabərdir, onlardan 90-a yaxını köçürülüb. Hazırda həmin evlərdə yaşayış yoxdur, kommunikasiya xidmətləri tam kəsilib. Sürüşmə zamanı xəsarət alan yoxdur.