REGİONLAR
Bayrağımız ucaldıqda biz də ucalacağıq VİDEO
Tərtər, 9 noyabr, AZƏRTAC
Respublikamızın bütün bölgələrində olduğu kimi, cəbhə zonasında yerləşən Tərtər rayonunda da 9 noyabr – Dövlət Bayrağı Günü bayram əhval-ruhiyyəsi ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər yürüş keçirilib. Əllərində dövlət bayrağımızı tutmuş hərbiçilər, onların ardınca isə “Şahinlər” və “Cəsurlar” komandaları marş sədaları altında Dövlət Bayrağı Meydanında daxil olublar. Tədbir “Bayraq” şeirinin səsləndirilməsi ilə başlayıb.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib, üçrəngli bayrağımızın yaranma tarixindən, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş dövlət bayrağımızın XX əsrin sonunda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yenidən bərpa olunmasından, 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılmasından, dünyanın ən uca bayrağı olan Azərbaycan bayrağının təntənəli surətdə qaldırılmasından danışıb.
Bildirilib ki, respublikamızın bütün bölgələrində olduğu kimi Tərtər şəhərində də bayraq meydanı inşa edilib. 65 metr hündürlükdə dalğalanan üçrəngli bayrağımız cəbhə bölgəsində yaşayan tərtərlilərin qəlbini fərəh, qürur hissi ilə doldurur.
Ölkəmizin hər bir vətəndaşı millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı sevir və ona yüksək ehtiram bəsləyir. Dövlət bayrağını bundan sonra da qoruyacaq və uca tutacağıq. Namusumuz, qeyrətimiz, şöhrətimiz olan bayrağımız ucaldıqda biz də ucalacağıq.
Bayram tədbiri rayonun özfəaliyyət kollektivlərinin ifasında rəngarəng konserti proqramı ilə davam edib.