REGİONLAR
Bədii gimnastika kursunu uğurla başa vuran müəllim və tələbələrə sertifikatlar təqdim olunub
Naxçıvan, 5 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Atletika Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən bədii gimnastika kursunu bitirən müəllimlərə sertifikatlar təqdim olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədov çıxış edərək muxtar respublikada bədii gimnastikanın inkişafı, bu idman növü üzrə idmançıların hazırlanması istiqamətində görülən işlər barədə danışıb. Bildirib ki, hazırda Atletika Federasiyasının tabeliyində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman klubunda 100, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 35, Ordubad Rayon Uşaq-Gənclər İdman Məktəbində 20, Naxçıvan Dövlət Texniki Kollecində 15, Naxçıvan Qızlar Liseyində 10 olmaqla, ümumilikdə, 180 qız gimnastika ilə məşğul olur.
Vurğulanıb ki, uşaqların kiçik yaşlardan idmana cəlb olunması, o cümlədən gimnastika ilə məşğul olmaları, onların sağlam böyümələrinə, bu idman növünə maraqlarının artmasına şərait yaratmaqla bərabər, muxtar respublikada peşəkar idmançıların artmasına da mühüm töhfələrdir.
Federasiyanın sədri təşkil edilən kursun əhəmiyyətindən danışaraq bildirib ki, bədii gimnastika üzrə məşqçi-müəllimlərin hazırlanması həm ümumtəhsil məktəblərində, həm də ali və orta ixtisas təhsili müəssisələrində bu idman növünün inkişafına öz töhfəsini verəcək. Bu təhsil müəssisələrində bədii gimnastika idman klubları yaradılacaq, həm şagirdlər, həm də tələbələr bədii gimnastika ilə məşğul olmaq imkanı əldə edəcəklər.
Sonra kursu müvəffəqiyyətlə bitirən Naxçıvan şəhər 5 və 14 nömrəli, Naxçıvan Qarnizonu tam orta məktəblərinin, Şərur və Ordubad rayonlarının əhatə etdiyi ümumtəhsil məktəblərinin müəllimləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri olmaqla, ümumilikdə, 15 müəllim və tələbəyə sertifikatlar, kursu yüksək səviyyədə təşkil etdiyinə görə “Xatun” Bədii Gimnastika klubunun rəhbəri Humay Qafarovaya federasiyanın təşəkkürnaməsi təqdim olunub.
Sonda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Bədii gimnastika dərnəyinin üzvləri güc, elastiklik tələb edən tarazlıq, fırlanma və salto elementlərindən ibarət nömrələrlə çıxış ediblər.