REGİONLAR
Bədii oyma sənəti Naxçıvanda zəngin ənənəyə malikdir
Naxçıvan, 24 noyabr, AZƏRTAC
Bədii oyma çətin sənətdir və insandan istedad, təmkin, böyük zəhmət, dəqiqlik, incəlik tələb edir. Bunlar kompleks şəkildə olanda yaxşı əsər meydana gəlir. Oyma sənəti ilə məşğul olan insan xəttatlıqdan, nəqqaşlıqdan, xarratlıqdan, rəssamlıqdan məlumatlı olmalı, bu incəsənət növlərini də mənimsəməlidir. Məsələn, ağac üzərinə yaxşı bir naxış salmaq istəyirsənsə, onun eskizlərini də hazırlamalı, ölçülərini dəqiq bilməlisən.
Ölkəmizdə oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Əcdadlarımızın hələ qədim dövrlərdə daş üzərində oyub-cızdıqları rəsmlər, fiqurlar buna sübutdur. Naxçıvan Muxtar Respublikasının ən qədim yaşayış məskənlərindən biri olan Gəmiqayada daş üzərində olan oymalar bədii oyma sənətinin ilkin nümunələri kimi qəbul edilir.
Bu gün bədii oyma sənəti digər sənət növləri kimi Naxçıvanda yaşadılır, inkişaf etdirilir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində müntəzəm olaraq ağac üzərində oyma sənəti üzrə iki aylıq kurslar təşkil edilir. Bura sağlamlıq imkanları məhdud şəxslər də cəlb olunurlar. Kursları müvəffəqiyyətlə bitirən müdavimlər sosialyönümlü haqqıödənilən ictimai işlərə cəlb edilir. Bununla həm qədim xalq sənəti yaşadılır, həm də sosial qayğıya ehtiyac duyan sağlamlıq imkanları məhdud şəxslərin məşğulluqları təmin olunur.
Bədii oyma sənətinin bugünkü davamçıları təbiəti ən yaxşı sənətkar adlandırırlar. Çünki cansız daş parçası da, yamyaşıl, naxış-naxış yarpaqlardan süzülüb düşən bir yağış damlası da, yerdən səmaya doğru boy atan ağac da böyük bir sənət incisi kimi insanı daim valeh edir. Naxçıvanlı Akif Həsənov da bu incəlikləri dərindən duyan, quru ağacdan ustalıqla istifadə edərək əsərlər yaradan xalq sənətkarı, ağacoyma ustasıdır.
Onunla emalatxanasında söhbətləşirik. “Ağaclarla işləmək, onlardan hər hansı bir sənət nümunəsi ərsəyə gətirmək o qədər də asan deyil. Necə deyərlər, yüz ölçüb bir biçməlisən. Ancaq ağac kimi mülayim, həssas, səxavətli, “sözəbaxan” digər material da tapmaq çətindir. Onun üzərində illərin buraxdığı izlərdən belə, naxış kimi istifadə etmək olar. Əsas odur ki, bu incəlikləri duyub tətbiq etməyi bacarasan”, – deyir Akif usta.
Naxçıvan Biznes Mərkəzində əl işlərindən ibarət təşkil edilən sərgilər artıq ənənə halını alıb. Sərgidə Akif ustanın intarsiya, oyma, şəbəkə və xatəmkarlıq üsulu ilə hazırlanmış məmulatları bura gələnlərin həmişə diqqətini cəlb edir. İntarsiya nazik ağac lövhəciklərindən, yonqarlarından yığılmış mozaikadır. O, müxtəlif ölçülü və müxtəlif növ ağacların bir-birinə keçirilməsi, yapışdırılması ilə quraşdırılır. İntarsiya texnikası ilə döşəmələr, divarlar, masalar və digər mebellər bəzədilir.
Akif usta deyir ki, intarsiya, oyma və şəbəkə üslubu ilə işləyəndə əlavə məmulatlar lazım olmur. Ancaq xatəmkarlıqda müxtəlif materiallardan istifadə etmək lazım gəlir. Xatəmkarlıq dekorativ-tətbiqi sənətin özünəməxsus bir növü olmaqla əşyaların bəzədilməsində, onlara estetik görkəm verilməsində istifadə edilir. Bu prosesdə hər hansı səthə oyulub yerləşdirilən naxış və təsvirlərdə mərmər, keramika, metal, ağac, sədəf, mina və digər materiallar işlədilir. Onlar rənginə və digər xüsusiyyətlərinə görə fərqlənir. Yəni bu iş əlavə sərmayə və vaxt tələb edir. Akif usta da yaratdığı əsərlərdə yuxarıda sadalanan üsullara geniş yer verir.
Bədii oyma sənətinin ustalarından biri də Ordubad şəhərinin “Minkəs” məhəlləsinin Ümmül-Leyla küçəsində yaşayan Cabir Cabbarovdur. Cabir ustanın əsərləri içərisində şəbəkə formalı oyma işləri xüsusilə diqqət çəkir. Naxçıvan şəhərindəki qədim Yusif ibn Küseyir, Möminə xatın türbələrində işlədilən həndəsi şəbəkə növlərindən istifadə edərək bir çox sənət nümunəsi yaradan Cabir usta, həmçinin özünəməxsus orijinal şəbəkə formaları da hazırlayır. Onun estetik cəhətdən zərif əsərləri bədii oyma sənətinin müasir nümunələri kimi dəyərlidir.
Cabir usta bildirir ki, onun bu sənətə marağı hələ gənc yaşlarından başlayıb: “Universiteti bitirdikdən sonra Ordubada qayıtdım. O zamanlar Ordubadda Azərbaycan Elmlər Akademiyasının Materialşünaslıq üzrə xüsusi konstruksiya şöbəsi fəaliyyət göstərirdi. Beş il orda işlədim. Eləcə də rayondakı Gənc Texniklər Mərkəzində işə başladım. O illərdə memarlıqla, heykəltəraşlıqla maraqlandım. Gips, gil, mərmər üzərində işlədim. Sonradan isə ağac üzərində oyma sənəti ilə məşğul oldum. Gün keçdikcə bu işi daha çox sevməyə başladım. Bu sənətlə məşğul olduqda hər şeydən uzaqlaşıram, özümlə tək qalıram və təxəyyülümdəki obrazı yaradıram”.
Bədii oyma sənətinə könül verdiyi gündən Cabir usta artıq ağacları, necə deyərlər, çox yaxşı tanıyır. Təcrübəsi sayəsində hansının nəyə daha çox yararlı olduğunu müəyyənləşdirə bilir. Əsasən də qoz ağacından istifadə edir. Deyir ki, onun orijinal rəng zümzüməsi var. Süni rənglərdən istifadə etməyi sevmir. İşlətdiyi ağaclar arasında fıstıq, tut, dağdağan, alma, ərik ağacları da var. Digər ağaclar yumşaq olduğundan onların üzərində səlis oyma işləmək mümkün deyil. Çünki tez sınır, xarab olur.
Bədii oyma sənəti barədə danışan Cabir usta vurğulayır ki, bu sənətə könül verənlər, gərək bir çox elmdən xəbərdar olsun, Şərq-Qərb memarlığını, sənət nümunələrini və milli dəyərləri tam mənimsəsin. “Məsələn, mən Qərb memarlığı və heykəltəraşlığı ilə maraqlandım, onların müxtəlif sənət üslublarını öyrəndim. Bundan sonra Şərq memarlığına rəğbətim daha da artdı. Çünki Şərq memarlığı daha dolğundur”, – deyən Cabir usta əlavə etdi ki, əslində, Qərb memarlığı ilə yaxından tanış olanda qərblilərin Şərq memarlığını özlərinə məxsus şəkildə mənimsədiklərinin şahidi olursan. Avropa memarlığında bizdə olduğu qədər dəqiqlik yoxdur. Memar Əcəmi Naxçıvaninin yaratdığı dəqiqlik, özünəməxsusluq bu səbəbdən həmişə diqqət mərkəzində olacaq.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu