İDMAN
Bəhreyn Beynəlxalq Avtodromu Formula 1 yürüşlərinin təfərrüatını açıqlayır
Bakı, 13 fevral, AZƏRTAC
2019-cu ilin mart ayında Formula 1 yürüşləri mövsümünün ilk mərhələlərindən birinə Bəhreyn ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, Bəhreyn Beynəlxalq Avtodromunun (BIC) kommersiya direktoru Şərif əl-Mehdi qarşıdakı tədbirə həsr edilmiş mətbuat konfransında deyib: “15-ci dəfədir ki, biz ən yaxşı avtomobil idmanına və ailəvi əyləncələrə həsr edilmiş xüsusi proqram hazırlayırıq. Biz “Gulf Air” və başqa hörmətli tərəfdaşlarımızla birlikdə Formula 1 yürüşlərinin bütün fanatlarına unudulmaz sevinc anları bəxş edəcəyik”.
Artıq 15 ildir ki, Bəhreyn Qran-Prisi səhradakı “Sahir” trasında keçirilir. Tamaşaçılar Bəhreyn Beynəlxalq Avtodromunda altıncı dəfə gecə vaxtı keçirilən yürüşləri müasir projektorların işığında müşahidə edib qiymətləndirə biləcəklər.
Formula 1 avtodromu ilk dəfə olaraq dörd gün – martın 28-dən 31-dək açıq olacaq. Bu ekstremal idman növünün pərəstişkarları avtodrom ərazisində şou və əyləncələrdən zövq alacaqlar. Daha bir yenilik ondan ibarətdir ki, bu tədbirdə həm yürüş trasını, həm də onun hüdudlarından kənardakı ərazini görməyə imkan verən müşahidə çarxı quraşdırılacaq. Avtodromda böyük karusel, hündürlüyü 60 metr olan “uçuş qurğusu”, habelə uşaqlar üçün oyun zonası və animasiya zalları nəzərdə tutulub.
Qran-Pri dövründə Formula 1 yürüşləri ilə yanaşı digər ekstremal tədbirlər – Beynəlxalq Avtomobil Federasiyasının Formula 2 çempionatı və “Porsche BWT GT3 Challenge Middle East” Kuboku da keçiriləcək.
Ənənəyə görə, Formula 2 mövsümünə məhz Bəhreyndə start veriləcək. Yürüşlərin təqvimi hələ elan edilməyib, lakin gözlənildiyinə görə bu il bolidlərin hazırlıq yürüş seriyası məhz burada başlanacaq. “Porsche BWT GT3 Challenge Middle East” seriyası onuncu mövsümünü qeyd edəcək, çempionatın finalı isə Qran-Pri uikendi zamanı keçiriləcək.