SİYASƏT
Belarus Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tam dayandırılmasını alqışlayır
Minsk, 12 noyabr, AZƏRTAC
Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tam dayandırılması barədə Rusiya Federasiyasının birbaşa və fəal köməkliyi ilə razılaşma əldə olunmasını ürəkdən alqışlayırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Belarus Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Belarus XİN-də qeyd ediblər ki, bu məqsədəuyğun qərar qan tökülməsini dayandırmağa və yeni qurbanların qarşısının alınmasına imkan verdi. Eskalasiya və silahlı qarşıdurmadan imtina edən münaqişə tərəfləri böyük müdriklik nümayiş etdirərək insanların dəyərli həyatlarını qoruyub saxladılar. Belə yanaşma hərtərəfli bəyənilməyə və dəstəklənməyə layiqdir.
“Ümidvarıq ki, əldə olunan razılaşmalar regionda möhkəm uzunmüddətli sülhün bərqərar olması və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişənin tədricən həlli üçün əsas olacaq”, - deyə Belarus XİN-də əlavə ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk