CƏMİYYƏT
Belarusun səhiyyə naziri “BIHE 2017” sərgisində iştirak etmək üçün Bakıya gələcək
Bakı, 26 sentyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, sentyabrın 28-dən 30-dək Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisi keçiriləcək. Sərgiyə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Almaniya, Hindistan, İtaliya, İran, Çin, Litva, Polşa, İsveçrə və digər ölkələrdən 100-dən çox iştirakçının qatılacağı gözlənilir.
Belarus səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu beynəlxalq sərgidə Belarus ölkənin əczaçılıq sənayesinin aparıcı müəssisələrinin məhsullarından ibarət böyük ekspozisiya ilə təmsil olunacaq. “Belmedpreparatı”, Borisov tibb preparatları zavodu, “Minskinterkaps”, Nesvij tibb preparatları zavodu, “Belfarmatsiya”, “Ekzon”, “Rubikon”, “BelMAPO”, Respublika Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Mərkəzi kimi müəssisələr və elmi idarələr öz imkanlarını təqdim edəcəklər.
Nüfuzlu nümayəndə heyətinə Belarus Respublikasının səhiyyə naziri Valeri Malaşko başçılıq edəcək.