REGİONLAR
Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə ilkin olaraq 5 milyon manat ayrılıb
Bakı, 24 noyabr, AZƏRTAC
Prezident İlham Əliyev “Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə ümumi uzunluğu 45 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyi isə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən dəmir yolu xəttinin tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutacaq.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.