REGİONLAR
Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən 516 nəfər işlə təmin olunub
Bərdə, 3 avqust, AZƏRTAC
Bərdə rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2018-ci ilin yeddi ayında mərkəzə müraciət edən 1609 nəfər iş axtaran vətəndaşdan 516-sı, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 2 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilib. Vətəndaşlar əsasən kommunal təsərrüfat və tikinti-quruculuq sahələrində, mərkəzi xəstəxanada işlə təmin olunublar.
Hazırda rayonun idarə və müəssisələrində 101 vakant iş yeri var. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə sentyabr ayında növbəti “Əmək yarmarkası” keçiriləcəkdir.
Bərdə rayonunda Prezident İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası olaraq, özünüməşğulluq proqramı da uğurla həyata keçirilir. İlin əvvəlindən 90 nəfər işsiz və işaxtaran şəxs ailə təsərrüfatlarını yaratmaq üçün təlimlərə cəlb olunub. Həmin şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktivlərlə təmin ediləcək, beləliklə də öz ailə təsərrüfatlarını formalaşdıracaqlar.