CƏMİYYƏT
Bərdə rayon sakininin iş yerində elektrik cərəyanının vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 27 avqust, AZƏRTAC
Avqustun 26-da saat 15 radələrində Bərdə rayonunun Mustafaağalı kəndi ərazisində yerləşən avtomobilyuma məntəqəsində işləyən Niyaməddin Həsənovun ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Bərdə Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, 1999-cu il təvəllüdlü Niyaməddin Həsənov işlədiyi avtomobilyuma məntəqəsində iş görən zaman elektrik cərəyanının vurması nəticəsində yıxılıb və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.