REGİONLAR


Bərdə rayonunun Şirvanlı kəndində fermerlərin su problemləri həll olunub VİDEO

Bərdə, 22 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə dövlət başçısı rayonlarda su ilə bağlı yaranmış mövcud problemə xüsusi diqqət çəkib və onların aradan qaldırılması üçün tapşırıqlar verib. Bundan sonra Bərdə rayonunun Şirvanlı kəndindəki fermerlərin su problemləri həll olunub. Kənddə 25 ildən artıq fəaliyyət göstərməyən subartezian quyusunda əsaslı təmir-bərpa işləri aparılaraq işlək vəziyyətə gətirilib, fermerlərin suvarma ilə bağlı yaranmış çətinlikləri aradan qaldırılıb.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Bərdə rayon Subartezian Quyularının İstismarı İdarəsinin mühəndisi Akif Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, idarənin balansında olan 942 subartezian quyusu vasitəsilə Bərdə və Yevlax rayonları ərazisində 18 min 575 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir. Son beş ildə Bərdə rayonunda 85 subartezian quyusu qazılaraq istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il martın 17-də imzaladığı “Bərdə rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə rayonda daha 23 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq Bala Qacar, Birinci Qaradəmirçi, Cicimli, Dəymədağılı, Əmirli, Xanərəb, Hacallı, İkinci Hacallı, İkinci Qaradəmirçi, Kətəlparaq, Qayalı, Qazaxlar, Piyadalar, Soğanverdilər, Şahvəlilər, Şatırlı, Şərəfli, Şirvanlı və Yeni Daşkənd kəndlərində 21 ədəd subartezian quyusu qazılıb. Tezliklə Qazıqurdalı və Lənbəran kəndlərində də quyuların qazılması başa çatdırılacaq.

Mühəndis bildirib ki, hazırda rayon ərazisində 6 subartezian quyusunda əsaslı təmir işləri aparılır. Bir neçə gün əvvəl rayonun Şirvanlı kəndində 1990-cı illərdə fəaliyyətini dayandırmış subartezian quyusu bərpa edilərək kənd əməkçilərinin istifadəsinə verilib. Əsaslı təmir və bərpa işləri zamanı elektrik kabelləri, 70 metr boru, nasos, transformator, dirəklər, ayrıclar yenilənib. Bir saatda 160 kubmetr su verən quyu vasitəsilə 30 hektar əkin sahəsi suvarılacaq.

Kənd sakini Vahid Hacıyev uzun illər idi ki, suvarmada mövcud olan çətinliyin aradan qaldırılmasına görə razılığını ifadə edib: "Pambıq və yonca bitkiləri becəririk. Yoncanı vaxtında suvarmadığımız üçün mövsüm ərzində 2-3 dəfə biçə bilirdik. Subartezian quyusu bərpa olunandan sonra isə 5 dəfə suvara biləcəyik ki, nəticədə məhsuldarlıq artacaq, beləliklə də heyvanların yem təminatı yaxşılaşacaq.

Pambıq tarlasında suvarma işləri aparan Müşfiq Yaqubov da subartezian quyusunun bərpa edilməsindən sonra işlərinin asanlaşdığını deyib: “Əvvəllər suyu qonşu kəndlərdən gətirirdik. Məsafə çox uzaq olduğu üçün həm vaxtımız hədər gedir, həm də suvarmanı vaxtında apara bilmirdik. İndi isə bu çətinliyimiz həll olunub. Sahəni rahatlıqla suvara bilirik. Bu isə məhsuldarlığın artmasına səbəb olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.