CƏMİYYƏT
Bərdədə karantin qaydalarının pozulduğu toy mərasimləri aşkar edilib
Bakı, 29 iyul, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yoxlamalar zamanı Zümürxan kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.
Bundan başqa, polis əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə rayonun İmamqulubəyli kəndi ərazisində karantin qaydalarının tələblərinə zidd olaraq yas mərasimi təşkil edildiyi də müəyyən olunub.
Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb. İki nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.